Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağsuda vətəndaşları qəbul edib

13 oktyabr 2017 | 11:00

Oktyabrın 13-də Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsuda vətəndaşları qəbul edib.
  Qəbuldan  öncə nazir Səlim Müslümov və rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Ağsu şəhərinin mərkəzindəki Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
  Ağsu Uşaq Gənclər İnkişaf Mərkəzində keçirilən qəbulda Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Göyçay rayonlarından olan vətəndaşlar iştirak ediblər. Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə - bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, münasib iş yeri ilə təmin olunmağa və özünüməşğulluq fəaliyyətinin qurulmasına köməklik göstərilməsi, əlilliyi olan şəxslərin bərpa müalicəsinə cəlb edilməsi, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi, sığorta və pensiya münasibətləri və s. müraciətləri aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.
  Qəbul zamanı sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib, bərpa müalicəsinə ehtiyac duyan şəxslər nazirliyin reabilitasiya müəssisələrinə qəbul edilmələri üçün qeydiyyata alınıb. Müraciətlərə əsasən, ayrı-ayrı şəxslərə münasib iş yeri ilə təmin olunmaları üçün vakant iş yerlərinə göndərişlər verilib, bir sıra işsiz və işaxtaran vətəndaşların mövcud potensialları əsas götürülməklə özünüməşğulluq proqramına cəlb olunmaları qərara alınıb.
  Vətəndaşlar ölkədə sosial rifah halının yaxşılaşdırılması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə aparılan ardıcıl işlərə, respublikanın regionlarında, o cümlədən Dağlıq Şirvan iqtisadi rayonunda mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
  Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlər üzrə müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
  Sonra nazir Səlim Müslümov jurnalistlərə müsahibə verib. Sualları cavablandıran nazir bildirib ki, cari ilin 9 ayında məşğulluq orqanlarının xətti ilə bu 5 rayonda 2,5 min nəfərə yaxın işsiz və işaxtaran şəxsin məşğulluğu təmin olunub, həmin dövrdə nazirliyin Göyçay rayonundakı Regional Peşə Tədris Mərkəzində Göyçay və ətraf rayonlardan olan 600 nəfərədək şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Son illərdə Mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılıb, ayrı-ayrı peşələrin təlimi üçün sinif otaqları və emalatxanaların sayı artırılıb, mərkəz lazımi texniki və tədris vəsaitləri ilə təmin edilib. “Özünüməşğulluq proqramı çərçivəsində Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Göyçay rayonlarında da 61 nəfərə özünüməşğulluq fəaliyyətini təşkil etmələri və kiçik ailə biznesini qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib. Bu proqramdan əvvəlki dövrdə isə iki pilot layihə üzrə Şamaxı və Göyçay rayonlarında 32 nəfərin özünüməşğulluğu təmin olunmuşdu. Gələn ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaratdığı maliyyə imkanları hesabına bütün respublikada olduğu kimi, bu bölgədə də özünüməşğulluq proqramına cəlb edilənlərin sayı dəfələrlə artacaq”, - deyə Səlim Müslümov qeyd edib.
  Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası çərçivəsində Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Göyçay rayonlarında 11 fərdi ev inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Nazir deyib: “Bu rayonlarda daha 15 fərdi ev də tikilir, onlardan 7 evin inşası yaxın günlərdə yekunlaşacaq və istifadəyə veriləcək. Hazırda Şamaxı rayonunda qeyd olunan təbəqələrə aid vətəndaşlar üçün 36 mənzilli yaşayış binasının inşası yekunlaşmaq üzrədir”.

Keçidlər