Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda Xalq Rəssamının əsərlərindən ibarət sərgi açılıb

07 sentyabr 2017 | 11:00

Sentyabrın 7-də Ağsuda Heydər Əliyev Mərkəzində Xalq Rəssamı Asəf Cəfərovun anadan olmasının 90 illiyi münasibətilə rəssamın əsərlərindən ibarət sərgi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə təşkil edilib.
    Açılış mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, nazirliyin təsviri sənət sektorunun müdiri Qalib Qasımov, Dövlət Rəsm Qalereyasının sərgilər şöbəsinin müdiri Elxan Ələkbərli, İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Elnur Hüseynov çıxış edərək Xalq rəssamının həyat və yaradıcılığından söz açıblar.
     Bildirilib ki, Asəf Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olub. 1945-50-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk təhsilini alıb, 1951-1957-ci illərdə V.İ.Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirib. O, 1957-ci ildə oxuduğu institut tərəfindən Hindistan və Pakistana yaradıcılıq ezamiyyətinə göndərilib.
   Qeyd edilib ki, Xalq Rəssamı tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünəməxsus kompozisiya, kolorit ilə fərqlənən əsərlər yaradıb. Onun yaradıcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir.
    Rəssam “Tarlada”, “Dəniz kənarında”, “Görüş”, “Mənim Azərbaycanım”, “Musiqiçilər” və sair adlı süjetli əsərlər yaradıb. Görkəmli fırça ustası “Ə.Vahid”, “V.Mustafazadə”, “S.Bəhlulzadə”, “Arif Məlikov”, “Cəfər Cabbarlı”, “Rəşid Behbudov” və sair portretlərin müəllifidir. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətindən sonra “Bakıda qar”, “Qaş-Qaş”, “Xəzər dənizi” adlı mənzərə janrında əsərlər işləyib. O, Abşeron mənzərələri silsiləsinə daxil olan “Abşeron”, “Daş hasarlar”, Maştağa kəndi”, “Abşeronun qızıl qumları”, “Bakıda qış”, “İsti gün”, “Qış”, “Əncir kolu”, “Bahar”, “Axşam motivi” və sair əsərlər yaradıb. Asəf Cəfərov “Nəsimi azad düşüncəlilərin məclisində”, “Oyanış” əsərlərini tarixi janrda işləyib.
   Vurğulanıb ki, Asəf Cəfərov yaradıcılıq ezamiyyətində olduğu xarici ölkələrdə, o cümlədən İtaliyada, Avstriyada, Almaniyada və sair tablolar işləyib. Bir çox beynəlxalq sərgilərin iştirakçısı olub, 1980-ci ildə Avstriyada keçirilən Dünya Təsviri Sənət Sərgisinin Qran-Pri mükafatını qazanıb.

  Sonra iştirakçılar sərgi ilə tanış olublar.

    

  

   

 

 

 

 

 

Keçidlər