Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edib

29 avqust 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova avqustun 29-da Ağsu rayonunda vətəndaşların qəbulunu keçirib.
  Komitə sədri Hicran Hüseynova və rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qəbuldan əvvəl Ağsu şəhərində ümummilli lider   Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
  Qəbulda Qobustan, Şamaxı, Qəbələ, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşlar iştirak ediblər. Qəbul  zamanı sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb.
  Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
  Dövlət Komitəsinin sədri Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat verib. Eyni zamanda, Ağsu rayonunda baş verən erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılıb və hər bir vətəndaşın sualları fərdi qaydada cavablandırılıb, müraciətləri qeydə alınıb.
  Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.   

Keçidlər