Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ağsu rayonunda yığıncaq keçirilmişdir.

13 iyun 2017 | 11:00

Tədbir iştirakçıları ilk öncə Ümummilli Liderin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar. Sonra Heydər Əliyev Mərkəzində böyük öndərə həsr edilən sənədli filmə baxış olub.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, eləcə də icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva tədbirdə çıxış edərək, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin doğma vətəni, xalqı qarşısındakı misilsiz xidmətlərini konkret tarixi faktlarla bir daha diqqətə çatdırıblar. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ölkəmizin tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub. Məhz bu qayıdış Azərbaycan üçün çoxdan bəri hazırlanan məkrli planların qarşısına sipər çəkib, siyasi varlığımıza doğru uzanan xain əllər kəsilib, dövlətimizin müstəqilliyi əbədi və dönməz olub.
Vurğulanıb ki, Ulu Öndər 1993-cü il oktyabrın 3-də Azərbaycanın Prezidenti seçiləndən sonra cəbhədə atəşkəs təmin olunub. Dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, qanunçuluğun və sabitliyin bərpası, demokratik və hüquqi dövlət quruculuğu, beynəlxalq əlaqələrin qurulması və sair sahələrdə ciddi uğurlar qazanılıb, ölkə inkişaf yoluna qədəm qoyub.
Məruzə və çıxışlarda bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük nailiyyətlərdən, regionun ən qüdrətli ölkəsinə çevrilməsindən də danışılıb. Bildirilib ki, bütün bu uğurlar Böyük Qurtuluşun - ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının xalqımıza verdiyi zəngin xəzinədir.
Sonda Ağsu rayon icra hakimiyyəti və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilən möhtəşəm bayram konserti keçirilmişdir.
Rayon Mədəniyyət sarayında təşkil edilən konsertdə Xalq Artisti Zabit Nəbizadənin, Əməkdar Artist Səbuhi İbayevin, incəsənət xadimi Aşıq Ağamuradın və başqalarının ifa etdikləri muğam və mahnılar dinləyicilərdə xoş təəssürat yaradıb.

Keçidlər